Müdrik sözlər və kəlamlar | Əbu Turxanın hikmət dünyası

  1. Bu günün hər əməli sabah üçün alın yazısıdır.

  2. Həyat eşqi həyatdan ikiəlli yapışmaq deyil, həyatı yüksək tutmaqdır.

  3. Özünü sevənlərin çoxu əslində özünü deyil, özləri haqqında uydurduqları obrazı sevirlər.

  4. İnsanın ən böyük səyahəti öz daxili aləminə səyahətidir.

  5. Ədəbiyyat – əbədiyyəti ana, anı əbədiyyətə çevirir.

  6. Haqqa çatmağın yolu haqq aşiqliyindən keçir.

  7. Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar

  8. Müasirlik zəmanəyə bənzəməkdir.

  9. Böyük həqiqətləri görə bilmək üçün qəlbin alışıb-yanması, ətrafı nurlandırması tələb olunur.

  10. Qaranlıq quru ağac kimidir, qığılcım ancaq onun hesabına oda çevrilir.

  11. Uşaqlar yeriməyi yıxıla-yıxıla öyrəndiyi kimi, adamlar da həqiqətin yolunu yanıla-yanıla tapırlar.

  12. Özünü tanımayan insanlar öz həyatlarını yaşamırlar.

  13. Eşqsiz insan tək ölümdən yox, həyatdan da qorxur.

  14. Bəsirət gözü ariflərlə ünsiyyətdə açılır.

  15. Bütün sular ləpələnə bilər, dalğa isə ancaq dəryada olur.

  16. Dərində üzməyi bacaranlar üçün dayazda üzmək darıxdırıcı olur.

  17. Uca dağların yamacları da təpələrin zirvəsindən yüksəkdə durur.

  18. Hansısa bir əsəri ilə zirvəni fəth edənlər sonra bütün əsərlərini zirvəyə daşımağa çalışırlar.|

  19. Eyni vaxtda həm yaxını, həm də uzağı görmək olmaz; gözlər cismani həyat üçün qapanmasa, ilahi hikmətlər üçün açılmaz.

  20. Bəzən biz yolu seçirik, bəzən də yol bizi.

  21. Elə adamlar var ki, özləri yalan danışmaqdan qaçsalar da, yalançıların xidmətindən məmnuniyyətlə istifadə edirlər.

  22. Qanun hamı üçün eynidir; ləyaqət isə hər bir insanın özü üçün könüllü qoyduğu əlavə qadağalarla müəyyənləşir.

  23. Bu gün şüurlarda əsən xəfif meh sabah bütün cəmiyyəti sarsıdan qasırğaya çevrilə bilər.

  24. İdeyanı yaşatmaq onun uğrunda ölməkdən daha şərəflidir.

  25. İnam və səmimiyyətdən sui-istifadə siyasətdə – məharət, mənəviyyatda – rəzalət sayılır.

  26. Möcüzələr normaya çevriləndə, normal həyat möcüzə kimi görünür.

  27. Yaxındakı köz uzaqdakı Günəşdən daha betər yandıra bilər.

  28. Tarix elə bir ortaq sərvətdir ki, ondan hər xalq öz fərasətinə görə pay götürür.

  29. Keçmişimizin izlərini tarixin qaranlıqlarında deyil, bu günümüzün iç qatında axtarmalıyıq.

  30. Məqsədə gedən yolda çox qurbanlar vermək olar; məqsədin özündən başqa!

  31. Eyni nəticəyə müxtəlif yollarla gəlmək olar. Məharət bu yolların ən qısasını seçə bilməkdədir.

  32. Dünya eyni məzmunda, amma müxtəlif dillərdə yazılmış üç kitabdan ibarətdir: Müqəddəs kitab, təbiət və əql. Bunlar adətən ayrı-ayrılıqda oxunur və onların eyni kitab olduğunu çox az adam dərk edir.

  33. Bu dünya imkanla gerçəklik arasında qərar tutur. Biz sonsuz imkan dünyasında ancaq bir cığır seçib gedirik.

 

 

0 şərh